Türkiyədə Azərbaycan parkı və Xocalı abidəsinin açılışı olub (FOTO)

2018-05-09 16:21:23

 

Türkiyənin qədim bölgələrindən biri olan Efelerdə Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub.

Trend-in məlumatına görə, Efeler bələdiyyəsi bölgəsinin mərkəzində yerləşən Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Qənirə Paşayevanın və Efeler Türk Ocaqlarının təşəbbüsü ilə hazırlanıb. Xocalı soyqırımı qurbanlarının acısını əks etdirən ana abidəsi parkın mərkəzində ucaldılıb.

“Azərbaycan Bakı parkı” və “Xocalı soyqırımı” abidəsinin açılışında Azərbaycan və Türkiyə rəsmiləri, Efeler bələdiyyəsinin rəhbəri, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmiləri, QHT, mediya nümayəndələri və yerli sakinlər iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsi ilə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bələdiyyə rəhbəri Mesut Özakcan bildirib ki, Azərbaycan adını Efelerdə yaşatmaqdan qürur duyurlar.

Parkın açılışından çıxış edən millət vəkili Q.Paşayeva Xocalı faciəsindən danışıb, bu faciələrin bir daha yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyini dilə gətirib. Q.Paşayeva bildirib ki bu gün Türkiyədə bu cür parkların, abidələrin açılması çox önəmlidir.

 

 

Lego.az /Trend/