Leyla və Arzu Əliyevalar Cümhuriyyətə həsr edilmiş filmin təqdimatında – Fotolar

2018-05-26 18:19:32

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər.

 

Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb.

Mərasimdə çıxış edən filmin baş prodüseri Arzu Əliyeva bildirib ki, bu il ölkəmiz və xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd edir: “Bu gün təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Mən əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bugünkü Azərbaycanla qürur duyardılar. Sonda filmin yaradılmasında iştirak etmiş hər bir insana, Heydər Əliyev Fonduna və BP şirkətinə öz təşəkkürümü bildirirəm”.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində təqdimatı keçirilən filmin ölkə tarixinin çox əlamətdar bir gününə həsr olunduğunu söyləyib.

Sonra “Son iclas” filminin təqdimatı olub. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb.