Ərdoğanın Qarabağ vədi, Trampın mesajı...- Qərblə Rusiya arasında rəqabət artacaqmı?

2018-05-31 12:15:16

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsi:

- Son zamanlar Rusiyanın Ermənistana etdiyi jestləri, xüsusilə də silah yardımı və nəqliyyat dəhlizi açılması cəhdini necə qiymətləndirirsiniz?

- Birincisi, Rusiya tərəfindən Ermənistana göndərilən silahlar növ və say etibarilə ciddi əhəmiyyət daşımır. Bu silahların az bir hissəsi Ermənistana çatsa da, digər hissəsinin çatıb-çatmaması hələ müəmmalıdır. İkincisi, Abxaziya və Cənubi Osetiyadan keçməklə İrəvana dəmir yolunun açılmasına gəlincə, bu yolun əhəmiyyəti həddindən artıq şişirdilir. Bu baxımdan yeni istiqamətdə yolun açılmasının Ermənistana hansısa ciddi imkanlar açacağına inanmıram. İlk növbədə ona görə ki, Ermənistanın iqtisadi vəziyyəti yaxşı deyil. Sözügedən yolun işlənilməsi üçün təbii ki, hansısa iqtisadi maraqlar olmalıdır. Tranzit baxımından isə bu yolu istifadə etmək olmaz. Çünki Ermənistan tranzit ölkəsi deyil. Bu baxımdan yeni istiqamət elə də böyük önəm daşımır. Bu, sadəcə, siyasi bir addımdır. Həmin yolla Ermənistana və buradan digər istiqamətə nə aparacaqlar? O üzdən inanmıram ki, böyük miqdarda yüklərin daşınmasından söhbət getsin.

- Bildiyiniz kimi, Nikol Paşinyan Tiflisdə səfərdədir və səfər çərçivəsində müəyyən sazişlər imzalanacaq. Ümumiyyətlə, səfərin siyasi və ya iqtisadi əhəmiyyətindən danışmaq olarmı?

- Paşinyan çalışır ki, siyasi dividentlər qazansın. Ermənistan üçün Gürcüstanın mövqeyi çox vacibdir. Təbii ki, Paşinyan daxili siyasətdə olan problemləri həll etmək üçün bu və ya digər şəkildə müxtəlif addımlar atır. Ancaq problemlər olduqca çoxdur. Əsas problem isə ondan ibarətdir ki, icra hakimiyyəti Paşinyanın əlində olsa da, birbaşa parlamentdən asılıdır. Parlament çoxluğunu müxalifətdə olan qüvvə təşkil edir və bu da Paşinyana böyük problem yaradır. O da hazırda məhz bu problemləri həll etmək üçün xarici siyasətdə müxtəlif populist addımlar atır.

- Necə düşünürsünüz, Bakı İrəvana verilən TOR sistemləri ilə bağlı hansı addımlar atacaq və ya atmalıdır?

- Təbii ki, ilk növbədə Moskvaya etiraz bildirməlidir. Əgər Rusiya və Ermənistan arasındakı silah sazişi ikincinin müdafiəsinə aiddirsə, orada xüsusi bir bənd də olmalıdır ki, digər yerlərdə, yəni hüdudlardan kənarda istifadə oluna bilməz. Hər bir silah və hərbiyə aid sazişdə bu bənd var. Yəni hansı şəkildə təminat veriləcək ki, sözügedən silahlar işğal olunmuş ərazilərimizdə peyda olmayacaq? Azərbaycan bu istiqamətdə Rusiyaya sorğu göndərə bilər.

- Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini Seçki Bəyannaməsinə daxil edib. Münaqişənin həllinin seçkiqabağı platformaya salınması hansı anlama gəlir?

- Yadınızdadırsa, ilin əvvəlində Ərdoğan belə bir bəyanat verdi ki, o, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsini Putinlə müzakirə edib. O zaman da saytınıza açıqlamada bildirmişdim ki, Qarabağ probleminin Türkiyənin milli maraqlarına bir bənd olaraq salınması və bu məsələnin Rusiya ilə müzakirə olunması çox vacib bir məsələdir. Artıq Qarabağ məsələsi nəinki qardaş ölkənin xarici siyasətində, eyni zamanda, daxili siyasətində də əsas istiqamətə çevrilib. Dağlıq Qarabağ münaqişəsinin həllinin seçkiqabağı platformaya salınması məhz bundan xəbər verir. Hətta Türkiyədə müxalifətdə olan qüvvələrin də Qarabağ məsələsi ilə bağlı hansısa mövqe ortaya qoyacaqlarını istisna etmirəm.

- Tofiq müəllim, ümumiyyətlə, danışıqlar prosesinin bərpası barədə nə deyə bilərsiniz?

- Təəssüflər olsun ki, Ermənistan tərəfi buna hazır deyil. Çünki Ermənistanda hakimiyyətə gələn qüvvələr hələ hakimiyyətə tam şəkildə yiyələnə bilməyiblər. Digər tərəfdən, hakimiyyətə gələn qüvvələr öz siyasətlərinə populist bəyanatlarla başlayıblar. Bu baxımdan inanmıram ki, onların mövqeyi həqiqətə və ya real vəziyyətə uyğun olacaq. Danışıqlar prosesi artıq çoxdandır ki, Ermənistan tərəfindən siyasi səhnəcik kimi istifadə olunur. Biz dəfələrlə bunun şahidi olmuşuq.

Bəzi qüvvələr bu danışıqların imitasiyasının davam olunmasında maraqlıdır. Danışıqların imitasiyası əsasən Rusiya XİN-in xətti ilə həyata keçirilir. Son zamanlar Tramp administrasiyası Qarabağa dair müxtəlif bəyanatlar verib. Hiss olunur ki, vəziyyət dəyişib. Əvvələr hətta belə bəyanatlar səslənirdi ki, Rusiya və ABŞ arasında bu mövzuya aid fikirlər eynidir. Hoqlandın bəyanatını xatırlayın. Əslində, buna inanmırdıq. Daha sonra ara bir qədər sakitləşdi və həmin dövrdə Tramp administasiyası xarici məsələlərlə bağlı yeni mövqelər formalaşdırmağa başladı. Görünür, Dağlıq Qarabağ məsələsinə növbə indi çatıb. İlk növbədə ABŞ dövlət katibinin bəyanatında, daha sonra isə Trampın Azərbaycan prezidentinə göndərdiyi məktubda Qarabağ məsələsinin yaxın vaxtlarda həllinin vacibliyini qeyd edildi. Bu baxımdan ABŞ-ın fəallaşması digər həmsədrlərə də bir siqnal olacaq. Çünki artıq onların da real mövqe göstərməsinin zamanı gəlib çatıb. Bu fonda Qarabağ mövzusu ilə bağlı Qərblə Rusiya arasında rəqabətin artacağını istisna etmirəm.