“Azərbaycanla İsrail dostluğuna paxıllıq etməsinlər” – İsrail Müdafiə naziri

2018-06-07 13:55:40

Yəhudilər Babil sürgünündən etibarən Azərbaycan ərazisində yaşayıb və həmişə özlərini rahat hiss ediblər. Xalqlarımız arasındakı dostluq münasibətləri, dövlətlərimiz arasında dostluq əlaqələri üçün nəzərdə tutulub.

Bunu İsrailin Müdafiə naziri Aviqdor Liberman ordu.az saytına müsahibəsində deyib.Liberman İsraillə Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirib.

“Biz hər zaman onları bütün sahələrdə gücləndirmək və inkişaf etdirməyə çalışırıq. İsrail hökumətinin Baş Nazirliyinin Baş direktoru olaraq, birinci dəfə 1997-ci ildə Bakıya gəlmişəm və artıq o vaxtdan bizim Azərbaycanla sıx münasibətlərimiz müəyyənləşib. Mən fəxr edirəm, ki mən bu münasibətlərin önündə idim. Hökumətdəki bütün nazirlik vəzifələrində, ölkələrimizin xeyrinə Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı möhkəmləndirmək üçün mümkün olan hər şeyi etməyə çalışdım. Xatırladım ki, İsrail 1991-ci ildə yenidən bərpa edilən Azərbaycanın müstəqilliyini tanıyan dünyanın ilk ölkələrindən biri idi”, – Liberman bildirib.

İsrail müdafiə naziri Azərbaycanla olan hərbi-texniki əməkdaşlığın perspektivlərinə də toxunub:

“Digər sahələrdə olduğu kimi, ölkələrimiz arasında hərbi-texniki sahədə də sıx əməkdaşlıq qurulub. Biz müntəzəm olaraq hər iki ölkənin müdafiə strukturlarının rəhbərləri səviyyəsində dialoqa dəstək verir, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edir və informasiya mübadiləsi aparırıq. Keçən ilin sentyabrında mən İsraildə rəsmi ziyarətdə olan zaman Azərbaycan Müdafiə naziri Zakir Həsənovu qəbul etdim. Fürsətdən istifadə edərək demək istəyirəm ki, Zakir Əsgər oğlu Həsənovu ad günü münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan Müdafiə Nazirliyindəki fəaliyyətində daha da çox uğur qazanmağı arzu edirəm”.

A.Liberman Azərbaycan və İsrail arasında olan sıx əməkdaşlıq münasibətlərini isti qarşılamayanlara da öz mesajını göndərməyi unutmayıb:

“Mən onlara demək istərdim ki, paxıllıq etməsinlər, paxıllıq etmək yaxşı şey deyil. Ciddi desək, ölkələrimiz arasında dostluq münasibətləri, bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olması, Аzərbaycanın yəhudi dövləti ilə, İsrail dövləti ilə müasir dünyada müsəlman dövləti arasında tərəfdaşlığının sadəcə bir neçə nümunəsindən biridir. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanla münasibətlərimizi çox yüksək qiymətləndiririk. Hər iki ölkə geosiyasi mənada çətin olan bölgələrdə yerləşir. Azərbaycan kimi, İsrail də hər gün çox çətin problemlərlə üzləşir. Bizi ölkələrimizdə yaşayan xalqların təhlükəsizliyini təmin etmək istəyi birləşdirir”.