“Hərdən xalq arasına da çıxın” – Çavuşoğlu Azərbaycan məmurlarına səsləndi

2018-06-13 13:40:43

Türkiyənin “DimTV” kanalının canlı efirində qonaq olan xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

TANAP  layihəsinin Türkiyə iqtisadiyyatına faydaları və gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı sualı cavablandıran Çavuşoğlu bildirib ki, Türkiyə fərqli ölkələrdən qaz  və neft idxal edir, çünki qaynaqları məhduddur:

“Biz  istəyirik ki, qardaş Azərbaycandan qazı və nefti daha çox alaq. Bundan əvvəlki boru kəmərlərinin həcmi məhdud idi. İndi qardaş Azərbaycandan TANAP vasitəsilə daha çox qazanacağıq.  TANAP layihəsində Azərbaycan və Türkiyə ortaqdır. Bu layihəyə bəzi xarici iş adamları da ortaq oldu. Bu çox möhtəşəm layihədir. Buna görə də özəl firmalar da bura investisiya qoydular. Bundan sonra da neft və qaza olan ehtiyaclarımızı Azərbaycandan almaq istəyirik.

Bildiyiniz kimi,  Bakı-Tiflis- Qars layihəsinin açılışını Bakıda etdik. Bu da ortaq böyük layihəmizdir. Bizim nəqliyyat layihələrində güclü iş birliyimiz var. Türkiyə-Azərbaycan- İran, Türkiyə- Azərbaycan- Türkmənistan və Türkiyə-Azərbaycan-Qazaxıstan  Tarixi İpək Yolunu  dəmiryolu vasitəsilə yenidən həyata keçiririk. Çində başlayan layihənin ən önəmli ortaqları Türkiyə və Azərbaycandır. İnşallah Türkmənbaşındakı liman da açılır. Azərbaycanda Türkiyənin investisiyaları,  Türkiyədə Azərbaycanın investisiyaları  var. Azərbaycanda inkişaf hər sahədə davam edir. Türkiyə də inkişaf edir və dolayısı yolla iqtisadiyyatı böyüyür. Burada birlikdə addımlar atmaq önəmlidir.  Xüsusilə də müdafiə sənayesi sektorunda yaxın əməkdaşlığımız var. İstehsal etdiyimiz məhsulları qardaş Azərbaycanla paylaşırıq. Hərbi və siyasi istiqamətdə də münasibətlərimiz mükəmməldir.

Türk Konseyi birliyində Azərbaycan və Türkiyə əsas rola sahibdir. Bu mövzuda da əməkdaşlığımız türk dünyasının birliyi istiqamətində davam edəcək. Türk birliyinin mədəniyyət mərkəzi də Bakıdadır. Bu vəqf

sahəsində də türk dünyasının ortaq dəyərlərini ortaya çıxarmağa çalışırıq. Özbəkistanla da münasibətlərimiz çox yaxşılaşdı. Gələcəkdə birlikdə dəyərləndirə biləcəyimiz  önəmli fürsətlər var. Bu istiqamətlərdə də liderlərimizin ortaq iradəsi və qərarlığı var. Bilirsiniz ki, artıq Bakıdan Alanyaya birbaşa reys də açılıb. Buta airways şirkəti Anadolu jetin təcrübəsindən istifadə edib. Daha çox sizləri Antalyaya və Alanyada görmək istərik.

Qeyd edim ki, Azərbaycandan olan yüksək təbəqə adətən Bodruma gedir. Ora otelə gedirsiniz və görürsünüz ki, içərisi azərbaycanlılarla doludur. Bodrum da bizim şəhərimizdir və gözəldir. Amma azərbaycanlı siyasətçilərə söyləyin ki, ara-sıra bizim kimi xalqın arasına da girsinlər. Yüksək təbəqənin içində olmasınlar. Bu zarafatdır (gülür).

Nazir həmçinin qeyd edib ki, Azərbaycanla Türkiyə qardaş dövlətdir: “Birimizin sabitliyi və əminamanlığı, digərimizin sabitliyi və əminamanlığıdır. Qarabağ məsələsi sadəcə Azərbaycanın məsələsi deyildir. Azərbaycanın işğal edilmiş torpaqları da bizim məsələmizdir. İndi partiyamızın seçkiqabağı kampaniyaları yaxşı gedir. İnşallah yenə prezident Rəcəb Tayyib Ərdoğan seçkiləri qazanacaq. Seçim olsa da, olmasa da Azərbaycanın məsələləri ilə daim maraqlanırıq. Mən eyni zamanda Azərbaycanın da xarici işlər naziri kimi işləyirəm. Bunu qardaşım Elmar Məmmədyarov da bilir. Hətta bəzən onunla  zarafat da edirəm.  Deyirəm ki, sən tətilə gedə bilərsən, mən onsuz da işləyirəm. Çünki qardaşlar arasında belə də olmalıdır”.

Qeyd edək kiz, Alanya Qəzətçilər Cəmiyyətinin dəvəti ilə Türkiyədə qonaq olan azərbaycanlı jurnalistlər ötən gün həmçinin Alanya bələdiyyə başqanı Adəm Murad Yücəl və Manavqat Ticarət və Sənaye Odasının başqanı Əhməd Boztaş ilə də görüşüblər.

 

 

 

 

Lego.az /Azərbaycan24/