Zəncəfildən istifadə niyə vacibdir

2018-12-07 13:14:32

Zəncəfil kökü yüksək müalicəvi xüsusiyyətlərə malikdir. Zəncəfil kökü ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur. Bu bitkinin xeyirli xüsusiyyətləri olduqca coxdur. Zəncəfil antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Qədimdən zəncəfil boğaz iltihabları, soyuqdəymə zamanı çox uğurla istifadə olunurdu. Zəncəfil çox yaxşı bəlğəmgətirici vasitədir və bu səbəbdən öskürək, bronxit, bronxial astma zamanı istifadə olunur. Bitki, damarların divarlarını orada yığılan xolesterindən təmizləyir və ateroskleroz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə uğurla istifadə oluna bilər.

Zəncəfilin antihelmint (qurdlar əleyhinə) xüsusiyyətləri də var. Bu səbəbdən uşaqların qidalarına, südə, çaya, şirəyə və s. cüzi miqdarda üyüdülmüş zəncəfil əlavə etməklə siz uşağınızın orqanizmini qurdlardan təmizləyə bilərsiniz. Zəncəfilin spazmolitik xüsusiyyətləri də var. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq təbabətində uğurla istifadə olunur. Ümumillikdə müxtəlif spazmlarla mübarizədə (başda, öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır.

Zəncəfil həzm prosesləri stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir. Antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin tonusunu qaldırır, immuniteti möhkəmləndirir.

Zəncəfil insanın sinir sisteminə də çox müsbət təsir edir, nevroz, stress, əqli və emosional yorğunluq zamanı istifadə oluna bilər. Zəncəfil yaddaşı və diqqəti yaxşılaşdırır.

Stress vəziyyətdə olan, nevrozdan və s. nevroloji xəstəliklərdən əziyyət çəkən insanlara zəncəfil yağı ilə olan sakitləşdirici vannaların qəbulunu tövsiyə etmək olar. Bu çox təsirli vasitədir. İlıq suya 5 damcı zəncəfil efir yağı əlavə edin və 30 dəqiqə ərzində suda uzanın.  10-15 gün ərzində hər axşam belə vanna qəbul edin.

Kosmetologiyada zəncəfil yağı yağlı dəri üçün olan maskalarda və sellülitin müalicəsində  istifadə olunur.