Ermənistanın növbəti təxribatı-Qarabağ məsələsi hansı yolla həll edilməlidir

“Qarabağ kartı” yenə işə salınıb. Orada da əsas siyasət ancaq qondarma qurumun danışıqlara cəlb edilməsini qabartmaq ola bilər. Təbii ki, bu məsələ havadarlarla da razılaşdırılıb"

2019-03-14 13:26:21

Bu barədə danışan politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında Ermənistanın təxribatlarından bəhs etdi: “Münaqişə tarixində birinci dəfədir ki, Ermənistan Təhlükəsizlik Şurasının toplantısı Xankəndində keçirilir. Bunun özü absurd bir məsələdir. Yəni Paşinyanın qeyri-adekvat bəyanatlarından sonra belə bir addım atması da daxili siyasətə hesablanan bir variantdır. Guya ki, Xankəndində keçirilən toplantıda qondarma qurum tərəfindən Paşinyana danışıqlarda təmsilçiliklə bağlı mandat veriləcəkdi. Danışıqlar formatının dəyişdirilməsinə Azərbaycan tərəfi mənfi reaksiya verdikdən sonra Avropa İttifaqı da öz bəyanatını verdi və formatın dəyişməz qalaçağını bildirdi. Paşinyanın səfəri təbii ki, bir planlaşdırılmayan səfər deyil, nə qədər buna rəsmiyyət donu geyindirməyə çalışsalar da, ciddi krizis yaşanır. Bir müddət öncə təhlükəsizlik xidmətinin nümayəndə heyətinin səfəri və s. bununla birbaşa əlaqəlidir”.

Politoloqa görə, Paşinyan mütləq şəkildə ATƏT-in bəyanatını diqqət mərkəzində saxlayacaq və separatçıları sakitləşdirməyə çalışacaq: “Çünki o, parlamentdə verdiyi sözün üstündə dura bilmədi. Hətta separatçılar belə bir şayiə yayırlar ki, guya format dedikdə ATƏT öz formatını nəzərdə tutur. Belə rəy yaratmağa alışır ki, Azərbaycan tərəfi Fransanın Türkiyə ilə əvəzlənməsini istəyir. Təbii ki, bunlar boş sözlərdən başqa bir şey deyil. Yəni Paşinyanın səfərində əsas məqsədi özünə bəraət qazandırmaqdır”.

A.Nağıyevıin sözlərinə görə, gələcək danışıqlarda Ermənistan yenə də öz fikrində qalacaq və çalışacaq ki, qondarma qurum danışıqlarda iştirak etsin: “Bununla belə, Paşinyan dərk edir ki, mütləq şəkildə danışıqlarda

iştirak edəcək. Çünki əks halda baş verə biləcək istənilən insidentə görə birbaşa cavabdehlik onun üzərində qalacaq və o da sələflərinin yolunu təkrar edəcək. Danışıqlara gəldikdə, ermənilər çalışacaqlar ki, konkret nəticələr əldə edilməsin və bunlar bir daha formatla bağlı problem qaldırsınlar. Təbii ki, Azərbaycan tərəfi də buna yol verən deyil. İnandırıcı deyil ki, Paşinyan güzəştli bir variantı separatçılara təklif edə bilsin, buna onun nə mənəvi, nə də başqa cür haqqı çatmaz, müharibə və ya hərbi yola gəlmək də inandırıcı görünmür. Çünki bu, Paşinyan tərəfindən həll olunmur və bu qərarı o verə bilməz”.

Politoloq qeyd etdi ki, son vaxtlar Ermənistan rəhbərliyi qeyri-adekvat bəyanatlar verməklə əsas məqsəd kimi danışıqlar formatının dəyişdirilməsini ön plana çəkir: “Burada da bir sıra məqsədlər güdən Paşinyan və onun komandası bununla həm daxili, həm də xarici siyasəti dəyişdirməyə çalışır. Daxildə iqtisadi və siyasi vəziyyət pik nöqtəsinə çatıb. Belə ki, aprel ayında artıq hakimiyyətə gəldiyinin bir ili tamama olan paşinyançılar hesabat verməyə hazır deyillər, çünki Köçəryanın həbsi, Xaçaturova qarşı ittihamlar, Sərkisyanın cinayətə cəlb edilmə cəhdləri daxili gərginliyi azaltmır. Buna görə də ”Qarabağ kartı" yenə işə salınıb. Orada da əsas siyasət ancaq qondarma qurumun danışıqlara cəlb edilməsini qabartmaq ola bilər. Təbii ki, bu məsələ havadarlarla da razılaşdırılıb".

Politoloq hesab edir ki, istər İranda, istərsə də Brüsseldə Paşinyan diasporun rəğbətini qazanmaq üçün populist çıxışlar edib: “O, Azərbaycanın münaqişənin həllində hərbi yola əl atacağını gündəmə gətirir. Lakin Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyini niyə işğal olunan ərazilərə göndərdiyini dilinə də gətirmir, müdafiə nazirinin hücum taktikası seçmə bəyanatından danışmır”.

Ekspert ATƏT-in Minsk Qrupunun mövqeyinin və ATƏT sədrinin regiona səfəri zamanı səsləndirdiyi fikirlərin deklorativ bəyanatlardan o yana keçmədiyini bildirdi: “Əgər danışıqlar iki dövlətin XİN rəhbərliyi səviyyəsində aparılırsa və bu ATƏT-i qane edirsə, onların susması absurd görünür. Əks halda, bu özbaşınalıqlar sanki onlarla razılaşdırılan kimi görünür. İlk növbədə ATƏT-ın Minsk Qrupu öz sözünü deməlidir, bundan sonra Azərbaycan tərəfi Qarabağ məsələsinin hansı yolla həll edilməsi qərarını verə bilər. Çünki ərazilərimizlə bağlı qərar qəbul etmək suveren dövlət kimi bizim müstəsna səlahiyyətimizdə olan məsələdir”.